|
“KORRUPSİYA VƏ CƏMİYYƏT” JURNALININ APPELYASİYA ŞİKAYƏTİ TƏMİN EDİLMƏDİ |
|
|
|
16.09.2009 19:46 |
 Bu gün (16 sentyabr) Bakı Apellyasiya Məhkəməsində hakim Hilal Xəlilovun sədrliyi ilə “Korrupsiya və Cəmiyyət” jurnalının baş redaktoru Məmməd Əhmədoğlunun Mətbuat Şurasına və qurumun sədr müavini Vüqar Rəhimzadəyə qarşı qaldırdığı iddiaya əsasən Binəqədi rayon məhkəməsinin çıxardığı qərardan verilmiş apellyasiya şikayəti məhkəmə prosesi keçirilib.
Prosesdə iddiaçı Məmməd Əhmədoğlu, cavabdeh tərəfdən isə Müşfiq Ələsgərli, Rəhim Hüseynzadə və Vüqar Rəhimzadənin nümayəndəsi Elçin Namazov iştirak edirdi. Məmməd Əhmədoğlu Mətbuat Şurasının “Korrupsiya və Cəmiyyət” jurnalı ilə bağlı apardığı araşdırmaların nəticəsinin məhkəməyə təqdim edilməsi ilə bağlı vəsatət qaldırdı. Lakin hakim bu vəsatəti təmin etmədi. Daha sonra M. Əhmədoğlu çıxış edərək bildirdi ki, Mətbuat Şurasının “Korrupsiya və Cəmiyyət” jurnalını reket elan etməsi nəticəsində jurnalın nəşri dayandırılıb: “Bütün mətbəələr Mətbuat Şurasının müraciəti əsasında bizim jurnalı nəşr etməkdən imtina edib. Buna görə də mən Binəqədi rayon məhkəməsinin ləğv edilməsini, Mətbuat Şurasının təkzib verərək üzr istəməsini və dəymiş maddi ziyana görə 4000 (dörd min), mənəvi ziyana görə 100000 (yüz min) manat təzminat ödəməsini istəyirəm”. Mətbuat Şurasının nümayəndəsi Müşfiq Ələsgərli isə iddia ilə razılaşmayaraq bildirdi ki, “Korrupsiya və Cəmiyyət” jurnalını reket élan etmək üçün kifayət qədər əsas olub. Hakim apellyasiya şikayətinin təmin olunmaması ilə bağlı qərar çıxardı. Xatırladaq ki, Mətbuat Şurası “Korrupsiya və Cəmiyyət” jurnalını “reket mətbuat” siyahısına daxil etdiyi üçün M.Əhmədoğlu, Mətbuat Şurasının təkzib verərək üzr istəməsi və dəymiş maddi ziyana görə 4.000 (dörd min) manta, mənəvi ziyana görə 100000 (yüz min) manta ödəməsi barədə iddia qaldırmış, lakin 30 iyun 2009-cu il tarixdə Binəqədi rayon Məhkəməsi iddianın təmin edilməməsi barədə qərar çıxarmışdı.
|