
Dünən (04 mart) vəkili Elçin Sadıqovun iştirakı ilə Avropa Şurasının (AŞ) İnsan Haqları üzrə komissarı Tomas Hammerberq və AŞ-nin baş katibinin xüsusi nümayəndəsi Veronika Kotek Bakı İstintaq Tədricxanasında “Gündəlik Azərbaycan” və “Realnıy Azerbaydjan” qəzetlərinin baş redaktoru Eynulla Fətullayevlə görüşüblər.
Bu barədə Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) vəkil E.Sadıqov məlumat verib.
Onun sözlərinə görə, həm T.Hammerberq, həm də V.Kotek baş redaktora əllərindən gələn köməyi əsirgəməyəcəklərini bildiriblər.
Yeri gəlmişkən dünən, Eynulla Fətullayevin veb saytı da haker hücumuna məruz qalıb. Bu barədə isə “Gündəlik Azərbaycan” qəzetinin şef redaktoru Şahvələd Çobanoğlu RATİ-yə məlumat verib. Onun dediyinə görə, sayt 3-4 saat fəaliyyətini dayandırıb və açılandan sonra baş redaktora aid olan məlumatların əksəriyyətinin orada olmadığı məlum olub:
“Düşünürük ki, sayta olan hücum Azərbaycan ərazisindən olub. Çünki, biz xaricdə olan dostlarımızla əlaqə saxladıq və saytın orada fəaliyyətdə olduğunu öyrəndik. Bu da onu düşünməyə əsas verir ki, sayta olan bu müdaxilə baş redaktorun verdiyi son açıqlamalarla bağlıdır.”
Belə ki,
www.eynulla.com saytı 2008-ci ildə Eynulla Fətullayevin hüquqlarını müdafiə etmək məqsədilə onun dostları tərəfindən yaradılıb.
Xatırladaq ki, Eynulla Fətullayev 2007-ci ilin aprelin 21-də böhtan və təhqirdə ittiham olunaraq 2 il 6 ay müddətində azadlıqdan məhrum edilib. Sonradan baş redaktor terrorla hədələmə, etnik və dini düşmənçiliyin salınması, vergidən yayınma ittihamları ilə təqsirli bilinib və 2007-ci il oktyabrın 30-da əvvəlki həbs müddəti də daxil olmaqla ümumilikdə, 8 il 6 ay müddətinə azadlıqdan məhrumetmə cəzası verilib. Baş redaktor cəzasını 12 saylı cəzaçəkmə müəssisəsində çəkirdi. 29 dekabr 2009-cu ildə Fətullayevin üzərindən 0,223 qram heroin tapılıb. Eynulla Fətullayev və onun vəkili bu hadisəni yaxın zamanlarda jurnalistin həbsi ilə bağlı öz qərarını verəcək Avropa İnsan Haqları Məhkəməsinin qarşısını almaq məqsədilə əvvəlcədən qurulmuş əməliyyat kimi qiymətləndirir. Qaradağ Rayon Polis İdarəsinin İstintaq Şöbəsində barəsində Cinayət Məcəlləsinin 234.1 (Satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama) maddəsi ilə cinayət işi açılan Eynulla Fətullayev yanvarın 2-də 2 saylı Bakı İstintaq Təcridxanasına köçürülüb.