|
TƏLƏBƏ-JURNALİSTİN İDDİASINA ƏSASƏN HAZIRLIQ İCLASI KEÇİRİLİB |
|
|
|
11.03.2010 19:29 |
 Dünən (10 mart) Nəsimi rayon Məhkəməsində hakim İkram Şirinovun sədrliyi ilə Azərbaycan Dövlət Neft Akademiyasından (ADNA) xaric olunmuş “Poliqon” informasiya agentliyinin redaktoru Elmin Bədəlovun ADNA-ya və rektor Siyavuş Qarayevə qarşı iddiasına əsasən məhkəmə hazırlıq iclası keçirilib.
Prosesdə iddiaçı Elmin Bədəlov və onun nümayəndəsi, Media Hüququ İnstitutunun vəkili Fariz Namazlı, cavabdehlərdən isə ADNA-nın “Neft-mexanika” fakültəsinin dekanı Qasım Məmmədov və rektor Siyavuş Qarayevin vəkili İlqar Cavadov iştirak edib. İlqar Cavadov Siyavuş Qarayevin ünvanının düzgün göstərilməməsini əsas gətirərək iddianın icraata qəbul edilməməsi barədə vəsatət verdi. Hakim vəsatəti təmin etməyərək, iddianın icraata qəbul edilməsi barədə qərar qəbul edib. Növbəti proses 29 mart saat 15:00-a təyin edilib. Xatırladaq ki, Elmin Bədəlov 19 yanvar 2010-cu ildə ADNA-dan xaric olunub. O, 12 noyabr 2009-cu il tarixdə ADNA-dakı rüşvət halları və maliyyə fırıldaqları ilə bağlı pia.az saytında “Azərbaycan Dövlət Neft Akademiyasından reportaj” adlı məqalə yazdıqdan sonra təzyiqə məruz qaldığını bildirir və imtahanlardan qərəz nəticəsində kəsildiyini iddia edərək, pozulmuş təhsil hüququnun bərpa edilməsi üçün Nəsimi Rayon Məhkəməsinə müraciət edib.
|