|
ATƏT AZƏRBAYCANDA HƏBSDƏ OLAN JURNALİSTLƏRİN AZAD OLUNMASINDA İSRARINI DAVAM ETDİRƏCƏK |
|
|
|
30.07.2010 19:14 |
Dünən (29 iyul) ATƏT-in media azadlığı üzrə nümayəndəsi Dunya Miyatoviç ATƏT-in Daimi Şurasına ənənəvi hesabatını təqdim edib.
ATƏT-in rəsmi veb səhifəsinə yerləşdirilmiş hesabatda göstərilir ki, Miyatoviç martın 25-də Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarova məktub yazaraq, “Azadlıq” qəzetinin baş redaktoru Qənimət Zahidovun əfv etməsinə görə prezident İlham Əliyevi alqışlayıb . “Qənimət Zahid müəmmalı cinayət işinə görə cəza aldığı müddətin yarısını çəkmişdi. Sonrakı bütün müraciətlərim həbsxanada qalan bir jurnalist və iki bloqqerlə bağlı olub” – deyən Miyatoviç vurğulayıb ki, aprelin 22-də verdiyi bəyanatında Azərbaycan hakimiyyətini Avropa İnsan Haqları Məhkəməsinin qərarının yerinə yetirərək Eynulla Fətullayevi azad etməyə çağırıb və iyunun 15-də İlham Əliyevə müraciətində isə Fətullayevin və iki bloqqerin azadlığa buraxılmasının təmin olunmasını xahiş edib. “İyunun 26-da Fətullayev müəmmalı ittihamla bağlı 2 il yarım müddətinə azadlıqdan məhrum edilib. Həmin gün bu məhkəmə qərarını tənqid etmişəm ki, bu, Azərbaycanın media azadlığı sahəsində ATƏT qarşısında götürdüyü öhdəlikləri yerinə yetirmək niyyətində olmadığını göstərir” – deyən Dunya Miyatoviç əlavə edir ki, ATƏT Eynulla Fətullayevin işini yaxından izləməkdə və onunla yanaşı iki gənc bloqqerin də azadlığa buraxılmasını israr etməkdə davam edəcək. |