|
DİPLOMATİK KORPUS NÜMAYƏNDƏLƏRİ BƏXTİYAR HACIYEVLƏ GÖRÜŞÜBLƏR |
|
|
|
15.11.2011 09:25 |
 Noyabrın 11-də Avropa Birliyinin Azərbaycandakı nümayəndəliyi, Birləşmiş Krallığın və Polşanın Azərbaycandakı səfirliklərinin nümayəndələri 14 saylı cəzaçəkmə müəssisəsində keçmiş deputatlığa namizəd, gənc blogger Bəxtiyar Hacıyevlə görüşüblər.
“Turan” İnformasiya Agentliyinin yaydığı xəbərə görə, Bəxtiyar Hacıyevin ona dəstək qrupunun üzvlərinə verdiyi məlumata görə Diplomatik Korpus nümayəndələri əvvəlcə onun saxlanma şəraiti maraqlanıblar. Hələ ki, bir problemin olmadığını bildirən Bəxtiyar Hacıyev daha sonra ölkədəki siyasi vəziyyət və digər məsələlərlə bağlı müzakirələr aparıb.
Xatırladaq ki, gənc fəal, ABŞ-ın Harvard universiteti məzunu, keçmiş deputatlığa namizəd Bəxtiyar Hacıyev bu il mart ayının 4-də həbs edilib, may ayında barəsində cinayət məcəlləsinin 321.1-ci (qanuni əsas olmadan hərbi xidmətdən yayınmaq üçün növbəti hərbi çağırışdan və ya səfərbərlik üzrə çağırışdan boyun qaçırma) maddəsi ilə 2 il müddətinə azadlıqdan məhrum edilmə hökmü çıxarılıb. Bəxtiyar Hacıyev hazırda Qaradağ rayonunun Qızıldaş qəsəbəsində yerləşən 14 saylı Cəzaçəkmə Müəssisəsində saxlanır. Gənc fəal özü, bir sıra yerli və beynəlxalq hüquq müdafiə təşkilatları, siyasi təşkilatlar onun həbsinin siyasi motivli olduğuna inanır. Hüquq müdafiə təşkilatları hesab edirlər ki, 2010-cu il parlament seçkilərində deputatlığa namizəd olmuş gənc fəal facebook-da gənclərin 11 mart “Böyük xalq günü” etiraz aksiyasını təyin edən qrupun üzvü olduğuna görə həbs olunub. |