|
VƏKİLİ ƏVƏZ ZEYNALLI İLƏ GÖRÜŞÜB |
|
|
|
04.02.2012 09:40 |
|
Yanvarın 31-də vəkil Mənsum Bayramov “Xural” qəzetinin Bakı İstintaq Təcridxanasında saxlanılan həbsdəki baş redaktoru Əvəz Zeynallı ilə görüşüb. Bu barədə bu gün (01 fevral) Reportyorların Azadlıq və Təhlükəsizlik İnstitutuna (RATİ) vəkil M. Bayramovun özü məlumat verib.
Vəkilin sözlərinə görə, Ə.Zeynallı ilə iki saata yaxın söhbətləri olub. Söhbət zamanı Ə.Zeynallı Bakı İstintaq Təcridxanasında onunla bağlı xüsusi gərginliyin olduğu haqda vəkilinə məlumat verib: “Əvəz Zeynallı bildirdi ki, adının çəkilməsini istəmədiyi nəzarətçilərdən biri təcridxanada 10 nəfərin üzərində “xüsusi göstəriş”lə nəzarətin gücləndirilməsi barədə əmri verilib ki, bu siyahıda onun adı birincidir. Habelə Zeynallı “Azadlıq” qəzetinin ona çatdırılmasında süni maneələr yaradıldığını dedi. O bu və digər məsələlərlə bağlı təcridxana rəhbərliyi ilə görüşmək üçün 10 dəfədən artıq müraciət etsə də, görüşə nail ola bilməyib”, – deyə qeyd edən vəkil M.Bayramov bu məsələ ilə bağlı Ədliyyə nazirliyinə, ədliyyə nazirinin müavini, Penitensiar Xidmətin rəisi Mədət Quliyevə məktub ünvanlamaq niyyətində olduqlarını da dedi. Xatırladaq ki, YAP siyasi Şurasının üzvü, deputat Gülər Əhmədovanın şikayəti əsasında Korrupsiyaya Qarşı Mübarizə İdarəsində baş redaktor barəsində Cinayət Məcəlləsinin 311.3.3 (külli miqdarda rüşvət alma) və 311.3.4-cü (hədə-qorxu tətbiq olunmaqla rüşvət alma) maddələri ilə cinayət işi başlanıb və oktyabrın 28-də Nəsimi rayon Məhkəməsi Əvəz Zeynallı barəsində 3 aylıq həbs qətimkan tədbiri seçib. Yanvarın 17-də Nəsimi rayon məhkəməsində baş redaktor barəsində çıxarılmış həbs qətimkan tədbirinin 3 ay müddətinə uzadılması barədə qərar çıxarılıb, yanvarın 18-də keçirilən prosesdə isə həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz edilməsi ilə bağlı vəsatət təmin olunmayıb. Baş redaktorun vəkilləri hər iki qərardan apelyyasiya şikayəti vermişdi. |